Orqan donorluğu və transplantasiya müasir səhiyyənin ən mürəkkəb, eyni zamanda insan həyatına birbaşa təsir göstərən mühüm istiqamətlərindən biridir. Bu sahədə uğurların əldə olunması müasir tibbi imkanlarla yanaşı, beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin inkişafından da asılıdır. Donorların müəyyənləşdirilməsi, orqanların əldə edilməsi və transplantasiyası, eləcə də transplantasiya prosesinin səmərəli təşkili yüksək peşəkarlıq və koordinasiyalı yanaşma tələb edir.
Bu baxımdan, Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə Belarus Respublikasının Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzi arasında orqan donorluğu və transplantasiya sahəsində ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə mühüm addımdır.
Sənədi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova və Belarus Respublikasının Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Elmi-Praktiki Mərkəzinin direktoru, Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının üzvü (senator) Oleq Rummo imzalayıblar.
Memorandum iki səhiyyə qurumu arasında əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, mütəxəssislər arasında qarşılıqlı əlaqələrin inkişafı və qabaqcıl təcrübələrin tətbiqi üçün yeni imkanlar yaradır.
Sənəd çərçivəsində orqan donorluğu və transplantasiya üzrə bilik və təcrübə mübadiləsinin aparılması, mütəxəssislər arasında peşəkar əlaqələrin gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və ixtisasartırma imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, elmi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də tərəflərin qarşılıqlı maraq göstərdiyi digər istiqamətlərdə birgə fəaliyyətin həyata keçirilməsi üçün imkanlar formalaşır.
Belə əməkdaşlıq hər iki ölkədə orqan donorluğu və transplantasiya sisteminin təkmilləşdirilməsinə, müasir yanaşmaların öyrənilməsinə və mütəxəssislərin peşəkar potensialının artırılmasına xidmət edəcək.
Memorandumun imzalanması Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.